Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.
XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir. Bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
İlkin məlumata əsasənn Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır.
Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi vəziyyəti diqqətdə saxlayır.