Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.
15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.
Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında əraziyə təcili yardım briqadaları göndərdiklərini deyib. Onun sözlərinə görə, zərərçəkənlərdən bəziləri xəstəxanalara yerləşdirilib, bəzilərinə isə yerində tibbi yardım göstərilib. Baş həkim prosesin hələlik davam etdiyini, zərərçəkənlərin sayı barədə dəqiq rəqəm söyləməyin tez olduğunu bildirib.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, şöbəyə 15 xəstə daxil olub. Vəziyyətləri orta ağırdı. Hamısı böyükdür. Günün sonu evlərinə buraxılacaqlar.
Azər Maqsudov APA-ya bildirib ki, onlar başgicəllənməsi və ürək bulanmasından şikayətlənirlər: "İlkin məlumata görə, zəhərlənmə qaz sızmasından baş verib. Lakin dəqiq səbəblər araşdırılır. Zəhərlənənlər arasında ticarət mərkəzinin işçiləri və ticarət mərkəzinə gələn vətəndaşlar var”, - deyə baş toksikoloq qeyd edib.
FHN-dən Trendə bildiriblər ki, ilkin ehtimala görə, ticarət mərkəzinə bitişik binalardan birindən qaz sızması nəticəsində yeraltı dayanacaqda dəm qazı yaranıb. Nərimanov rayonunda fəaliyyət göstərən ticarət mərkəzində baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, hazırda Nərimanov Rayon Prokurorluğu, Rayon Polis İdarəsi, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin aidiyyəti qurumlarının iştirakı ilə hadisə yerinə baxış keçirilir.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.