Ə. Amaşov jurnalistlərin yetərli səviyyədə ixtisaslaşmamasının problem olaraq qaldığını bildirib: "Bu da müəyyən səbəblərlə bağlıdır. Jurnalistika fakültəsində təhsil almış insanların böyük hissəsi təsadüf nəticəsində ora düşmüşdü. Ola bilsin, başqa yeri istəyirdilər, ya balları çatmadığından, yaxud da yer az olduğundan jurnalistikaya qəbul olmuşdular. Artıq biz ikinci ildir ki, jurnalistika fakültəsində oxuyacaq tələbələr üçün qabiliyyət imtahanları təşkil edirik. Mənə elə gəlir ki, bu addım yaxın vaxtlarda Azərbaycan jurnalistikasına öz töhfəsini verəcək. Bir məqamı da diqqətinizə çatdırmaq istərdim ki, ötən ilə nisbətən bu il magistraturaya ərizə verənlərin sayında artım müşahidə olunub. Digər tərəfdən, jurnalistlərin sayı az, amma yazdıqları sahələr çoxdur. Bir jurnalist bəzi məqamlarda bir neçə sahədən yazmalı olur və bir neçə sahədən yazan jurnalistin həmin sahələrdən yazmağa təbii ki, biliyi çatmır. Əvvəllər bir jurnalist bir gün parlamentdən yazırdı, sabah hər hansı bir muzeydən reportaj hazırlayırdı, o biri gün idmanla bağlı xəbər verirdi. Bu məsələ Mətbuat Şurasını narahat etdiyindən, ayrı-ayrı qurumlara rəhbərlik edən nazirlərlə redaktorların görüşünü təşkil etməyə başlamışıq”.