Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmov APA-ya bildirib ki, xilas olunanları və cəsədləri sudan çıxarılanları daşıyan "Andramed” gəmisi bu gün Saxalin vaxtı ilə saat 10:00 radələrində Korsakov limanına çatıb: "Xilas olunan dörd azərbaycanlı xəstəxanaya yerləşdirilib. Onlardan birinin - Mayılağa Talıbovun vəziyyəti ağırdır. Taleyi naməlum olan üç nəfərin isə öldüyü məlum olub. Hazırda həmin şəxslərin ailələri Saxalindədirlər. Artıq həyatlarını itirmiş Fazil Şəkərovun və Məhəmmədəli Səfərovun qardaşları onların cəsədini tanıyıb”.
Diaspor rəhbəri baxış keçirildikdən sonra meyitlərin Azərbaycana göndəriləcəyini söyləyib: "Muradəli Məhərrəmov Naxçıvana, Fazil Şəkərov Astaraya, Məhəmməd Səfərovun cəsədi isə Zaqatalaya göndəriləcək”.
N. Hətəmov deyib ki, ölən azərbaycanlıların cənazələrinin Azərbaycana göndərilməsini "Uzaq Şərq” gəmisinin sahibi olan firma öz üzərinə götürüb.