Makedoniya Prezidenti George İvanov Azərbaycana gələcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Makedoniya Prezidenti George İvanov aprelin sonunda Azərbaycana səfərə gələcək. Səfərin məqsədi aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən forumda 10-dan çox ölkənin prezident, baş nazir və xarici işlər nazirlərinin iştirakı planlaşdırılır. Ümumilikdə isə forumda sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər olmaqla 350-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.