Aprelin 2-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.
Azərbaycan-BƏƏ sənədləri imzalanıb
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Şeyxi Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan-BƏƏ sənədlərinin imzalanması mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş imzalayıblar.