Kamçatka yarımadası sahillərindən 330 kilometr aralıqda batmış gəminin göyərtəsində olan 132 adamdan 54 nəfərin boğularaq öldüyü təsdiqlənib.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, 63 adam xilas edilib. 15 adamın axtarışı üzrə əməliyyatın davam etdirildiyi bildirilir.
Xilasedicilər deyirlər ki, belə temperaturda suda yalnız 20 dəqiqəyədək sağ qalmaq mümkündür.
Gəminin göyərtəsində olan 132 nəfərdən 78-i rusiyalı və digərləri isə xarici ölkə vətəndaşları olublar.
Təhqiqatçıların dediyinə görə faciənin baş verməsinə ən ağlabatan səbəb gəminin sərt bir predmetlə, ola bilsin buz parçası ilə toqquşması ola bilərdi. Onlar gəminin gövdəsində dəlik açılmasından şübhələnirlər. Gəminin batması 15 dəqiqə çəkib. Təhqiqat davam etdirilir.
Gəmi batarkən göyərtədə olan 132 nəfərdən 117-i sudan çıxarılsa da, onların 54-ü həlak olub. 15 balıqçının taleyi isə hələlik naməlumdur. Gəminin heyət üzvləri arasında azərbaycanlılar da olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Azərbaycan vətəndaşları aşağıdakılardır:
Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964)
Talıbov Mayilağa Ulduz oğlu (28.12.1964)
Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987)
Əliyev Elman Sərdan oğlu (17.10.1964)
Şakirov Fazil Bilal oğlu (23.10.1959)
Əliyev Yaşar Sərdan oğlu (13.03.1975)
Sadıqov İməməddin Hidayət oğlu (23.02.1969).
M. Talıbov, E. Əliyev və İ. Sadıqov qəzadan sonra xilas edilənlər arasındadır. Digərlərinin taleyi barədə hələlik məlumat yoxdur. Elman və Yaşar Əliyevlərin qardaş olduğu bildirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, xilas olanlar artıq Maqadana göndərilib.