Antaliyada Azərbaycan əslli rusiyalı iş adamı Telman İsmayılovun (AST Telman) 1,5 milyard dollara başa gələn "Mardan Palace” oteli bank borcuna görə satışa çıxarılıb. Otelə türk lirəsi (TL) ilə 650 milyon qiymət qoyulub.
Baki-xeber.com xəbər verir ki, Antaliyanın Kundu bölgəsində yerləşən 23 may 2009-cu ildə açılan və 2010-cu ildə "Dünyanın ən lüks oteli” seçilən, Telman İsmayılova məxsus "Mardan Palace” "Xalq” Bankına olan borclara görə Antalya 4-cü icra dairəsi tərəfindən satışa çıxarılıb.
Otelə 650 milyon TL, 11 min 655 kvadrat metr sahəni əhatə edən 6 ultralüks villaya isə 69 milyon 750 min TL qiymət qoyulub. Otelin və villaların satışı 3 iyun 2015-ci ildə reallaşdırılacaq. Əgər satış baş tutmazsa otel iyunun 30-da ikinci dəfə hərraca çıxarılacaq.
Məşhur otelin açılışına Şaron Stoun, Paris Hilton, Meray Keri və Monika Belluççi kimi ulduzlar qatılmışdılar.
180 min kvadrat metr sahəni əhatə edən oteldə 4 kral dairəsi, 560 otaq, 6 villa, 1 ədəd 12 yataqlı villa var.
900 adamı qəbul edən 16 restoranın olduğu oteldə 830 nəfərlik konfrans zalı, 16 ədəd yığıncaq salonu, kino, mini klub, açıq və qapalı üzmə hovuzları, gimnastika salonu, iş ofisi, 3 türk hamamı, 8 sauna, 2 qar otağı və masaj salonları mövcuddur.
Tikintisində qızıl və kristaldan istifadə edilən otel, İstanbulda inşa edilmiş tarixi binalara bənzədilib. İstanbul Boğazı şəklində inşa edilmiş otel dünyanın ən böyük açıq üzmə hovuzlarından birinə sahibdir (16 min kvadrat m).
İstanbul Boğazı şəklindəki hovuzda, Avropa tərəfini göstərən sahilindəki binalar Ortaköy və Arnavutköy, Asiya tərəfindəki binalar isə Qülləli Əsgəri Liseyi və klassik türk evlərinin memarlıq xüsusiyyətlərini daşıyır. Hovuzun tam ortasında isə Qız qüləsi yerləşir.
7 mərtəbəli əsas binanın hər mərtəbəsində fərqli bir ölkənin mətbəxindən nümunələrin təqdim edildiyi restoranlar və kafe-barlar mövcuddur.