Ermənistan paytaxtında 18-23 mart tarixlərində keçirilən beynəlxalq mediaforumun iştirakçıları Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağa qanunsuz səfər ediblər. APA-nın "kavkaz-uzel.ru” saytına istinadən verdiyi məlumata görə, uydurma "erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş forumun 30 iştirakçısı işğal altındakı Azərbaycan torpaqlarına 3 günlük tur həyata keçiriblər. Dağlıq Qarabağa səfər çərçivəsində onlar separatçı rejimin rəhbərliyi ilə görüşüblər və muzeylərə, fabriklərə baş çəkiblər.
Qanunsuz səfərdə iştirak edən jurnalistlər arasında Rumıniyanın "Adevarul” qəzetinin jurnalisti Yelena Dumitru, Rusiyanın "Arqumentı i faktı” qəzetinin jurnalisti Aleksandr Kolesniçenko, "Çexiya radiosu”nun aparıcısı Monika Xorsakovanın adları çəkilir.