"Cənab Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin davamıdır”. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq humanizim siyasəti daim davam etdirilib: "Ümummilli lider hakimiyyətə gələn kimi ölüm hökmünə moratorium qoydu. O dövrdən başlayaraq heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan ümumiyyətlə, ölüm hökmü ləğv edildi. Ümummilli liderin dövründə də, cənab Prezident İlham Əliyevin dövründə də dəfələrlə amnistiya və əfv sərəncamları imzalanıb ki, bu aktlar kifayət qədər insanlara şamil olunub. Heydər Əliyev siyasətində həmişə humanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir. İndi isə Novruz bayramı ilə əlaqədar möhtərəm Prezidentimiz əfv sərəncamı imzaladı və bu kifayət qədər insana şamil olundu ki, onlar da bu bayramı öz evlərində keçirəcəklər”.