"Türkiyənin şərq sərhədindən başlayıb, qərb sərhədlərini keçməklə, Avropaya qaz daşıyacaq TANAP layihəsinin sülh və əmin-amanlıq da daşıyacağına ümid edirik”. APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin Qarsda təməlqoyma mərasimində deyib.
Onun sözlərinə görə, dünyada neft-qaz layihələrin çoxu müharibə, münaqişələrlə xatırlanır: "Biz TANAP layihəsinin barışla, sülhlə anılacağına ümid edirik. Biz heç zaman başqasının problemləri üzərində rifah qurmağı düşünməmişik. Bu layihə ilə dünyaya yeni yanaşma nümayiş etdirə biləcəyimizi düşünürük. Layihənin hər zaman tədarükçüsü, tranzit ölkə və istehlakçısı olur. Burada Azərbaycan tədarükçü rolunda çıxış edir. Gürcüstanla Türkiyə isə həm tranzit, həm də istehlakçı ölkələrdir. Avropa da istehlakçı olacaq”.
Türkiyənin son bir neçə ildə əldə etdiyi uğurlardan danışan prezident Ərdoğan ölkəsinin enerji paylanması mərkəzinə çevrilməsinin planlaşdırıldığını qeyd edib: "Bizim digər təbii qaz-neft layihələrimiz davam edir, TANAP bunların içərisində fərqli əhəmiyyətə malikdir. TANAP-a alternativ layihə yoxdur. Cənub Qaz Dəhlizinin bütün mərhələlərini həyata keçirdikdən sonra Avropa ilə Xəzər dənizi arasında vacib bağlantı formalaşdıracağıq. Buna bütün Asiya regionunun ehtiyacı var”.