"Sosial şəbəkələrdə Emil Arzanqulyan adlı şəxs tərəfindən Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin "Dağlıq Qarabağ” göstərildiyi barədə məlumat yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimat əsasında ölkəmizin Moskvadakı səfirliyi bununla əlaqədar Rusiyanın Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edib”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı cavab notasında Rusiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi, münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiq qaldığı bildirilir: "Arzanqulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiyanın bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır”.