Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Baki-xeber.com xəbər verir ki, MŞ-nın Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müzakirə üçün tövsiyə edilən məsələlərin sayının 18 olduğunu bildirib. Bunlardan 7-i Şuranın Şikayətlər üzrə Komissiyasının, qalanları isə Katibliyinin xəttilə təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlanılıb.
Əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının son üç iclasının 7 kütləvi informasiya vasitəsi ilə bağlı çıxardığı rəylər nəzərdən keçirilib. Komissiya üzvləri belə qənaətə gəliblər ki, MŞ-nin həmin KİV-lərlə əlaqədar araşdırmaları nəticəsində əldə edilmiş müvafiq materiallar üç qəzetin və iki xəbər portalının adının Şuranın «qara siyahı»sına daxil edilməsinə əsaslar verir. Bunlar «Yüksələn Azərbaycan» «Azərbaycan naminə», «Haqqın sədası press» qəzetləri, «Jam.az» və «İskra.az» saytlarıdır. «Yüksələn Azərbaycan»nın ilk gündən fəaliyyətini mətbu reketçiliyə üstünlük verən, adları «qara siyahı»da olan KİV-lərlə korporativ həmrəylik şəraitində qurduğu, digər ikisinin isə peşə səlahiyyətindən sui-istifadə etmələri bunun üçün əsas sayılıb.
Saytlara gəldikdə, vurğulanıb ki, İstər «Jam.az», istərsə də «iskra.az» əsasən balans gözlənilməyən materialların yayılmasına üstünlük verir. Belə informasiyalarda müxtəlif yaşlı, peşəli, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunduqdan, işgüzar nüfuzu ləkələndikdən sonra KİV qarşı tərəfin mövqeyinin dərcinə hazır olduğunu vurğulayır. Bu isə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələblərinə ziddir.