Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırış Azərbaycana qarşı ideoloji müharibə və təbliğatın tərkib hissəsidir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Fəzail İbrahimli "Amnesty International” təşkilatının I Avropa Oyunlarını boykot etməyə çağırışına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, "Amnesty International” təşkilatının I Avropa Oyunlarını boykot etməyə çağırışı bizim üçün yeni şey deyil: "Əvvəla, Azərbaycanı sevməyən qüvvələr var. Azərbaycanın ümumi inkişafına mane olmağa cəhd edən dövlətlər var. Azərbaycana qarşı münasibətlərində yenə də imperiya ambisiyasını yaşadan insanlar var. Azərbaycan dünyanın diqqətini çəkə biləcək hər hansı möhtəşəm və mötəbər addımlar atdıqda həmin qüvvələr narahat olmağa başlayır”.