Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub. Dövlət başçıları əvvəlcə rəsmi foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olundu. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirildi.
Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bundan sonra Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib.
Söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rosen Plevneliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar.