Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclasının məqsədi Cənub Qaz Dəhlizinin siyasi səviyyəyə çıxarılması olacaq. Bu barədə bazar ertəsi Trend-ə Avropa Komissiyasının mətbuat xidmətindən bildiriblər.
Avropa Komissiyasından deyiblər ki, tərəflər Avropaya qazın 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində daxil olmasından ötrü bütün məsələləri müzakirə edəcəklər: "Məşvərət Şurasının iclasının keçirilməsi Avropa Komissiyası ilə Azərbaycanın birgə təşəbbüsüdür. Bu təşəbbüs Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ötən ilin noyabrında razılaşdırılıb".
Fevralın 12-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası keçiriləcək. Artıq iclasda İtaliyanın iqtisadi inkişaf naziri Klaudio de Vinçentinin, Yunanıstan, Gürcüstan və Bolqarıstanın energetika nazirləri Panayotis Lafazanis, Kaxa Kaladze və Temenujka Petkovanın, eləcə də Avropa Komissiyasının vitse-prezidenti M.Şevçoviçin iştirakı təsdiqlənib.