Bu gün Azərbaycanda səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda vətəndaşların vicdan azadlığının təmin olunması istiqamətində görülən işlər, ölkəmizdə hökm sürən tolerant və multikultural mühit haqqında məlumat verib.
M.Qurbanlı Azərbaycanda bütün millətlərin nümayəndələri, o cümlədən yəhudilər üçün çox yaxşı birgəyaşayış şəraitinin yaradıldığını diqqətə çatdırıb. Eyni zamanda yəhudi icması nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşmaları və qəhrəmanlıqla şəhid olmaları faktını xalqımızın heç vaxt unutmayacağını qeyd edib.