NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay yaxın aylarda Azərbaycana gələcək. Bunu Trend-ə C.Appaturay özü deyib. Onun sözlərinə görə, Bakıya səfərinin tarixi hələ müəyyənləşməyib: "Ümid edirəm ki, yayadək Bakıya gələcəm".
C.Appaturay qeyd edib ki, Bakı səfəri zamanı NATO-Azərbaycan münasibətlərinin inkişafı, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
İkitərəfli əlaqələrlə bağlı planlar barədə danışan xüsusi nümayəndə qeyd edib ki, dekabrda tərəflər 2015-2016-cı illər üçün geniş məqsədləri əhatə edən NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını imzalayıblar: "Biz bu planı həyata keçirməyə köklənməliyik".
Onun sözlərinə əsasən, NATO-Azərbaycan münasibətlərində əsas məqsədlər hazırda müdafiə sahəsində şəffaflığın və hesabatlılığın artırılması, qarşılıqlı fəaliyyət, təhsil və treninqlər, həmçinin enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdır.
Yeni NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından savayı, C.Appaturay ötən ilin sentyabrında yüksək səviyyədə keçirilən Uels sammitində qəbul edilən yeni təşəbbüsü-birgə fəaliyyət platformasını qeyd edib. Xüsusi nümayəndə bildirib ki, Azərbaycan digər 23 tərəfdaşla birlikdə yeni platformanın hissəsi olmağa dəvət edilib: "Birgə fəaliyyət təlim, əməliyyat və ya digər forma vasitəsilə ümumi məqsədlərə çatmaq üçün qarşılıqlı məlumatlandırma qabiliyyətimizi ehtiva edir".