İranda korrupsiya araşdırmalarında adı keçən iş adamı Babək Zəncaninin Keşm Hava yolları şirkəti əlindən alınıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən İranın Keşm Sərbəst Bölgəsinin rəhbəri Əli Əkbər Şabanifer Babək Zəncaniyə aid Keşm Hava yollarının (Qeshm Air) Neft Nazirliyinə verildiyini bildirib.
Mehr Xəbər Agentliyinin məlumatına görə, bununla Zəncaninin dövlətə olan borcunun bir hissəsi qaytarılıb. Zəncaninin Keşm Adasındakı 5 ulduzlu oteli də borclu olduğu Sərbəst Bölgəyə qaytarılacaq.
Korrupsiya araşdırmalarında adı keçən iş adamı Zəncani, 30 dekabr 2013-cü ildə həbs edilib. O hazırda Tehrandakı Evin Həbsxanasında saxlanır. 70-ə yaxın şirkətdə hissələri olan Zəncani, neftdən əldə edilən gəliri İran Mərkəzi Bankından yayındırmaqda günahlandırılır. Zəncani Türkiyədə tanınmış iş adamı Rza Zərrabın ortağı kimi də tanınır.