“Kaspi” qəzeti çapını dayandırdığını rəsmən elan etdi. 3 əsrlik tarixi ilə öyünən bir qəzetin bağlanması bir jurnalist kimi məni də narahat edir. Çünki yenə də işsiz jurnalistlərin sırası genişlənəcək…
Bu fikirləri Visiontv.az saytına “The Business Times” qəzetinin baş redaktoru Nəzirə Nurullayeva bildirib. Onun dediyinə görə, 3 həftə əvvəl “The Business Times” qəzetinin kollektivi adından ölkə Prezidentinə müraciət ünvanlanıb:“Rəhbərlik etdiyim qəzet də bağlanma təhlükəsi ilə üz-üzədir. Həmin müraciət bir sıra Kütləvi İnformasiya Vasitələrində dərc olundu. Muraciətdə “The Business Times” qəzetinin KİVDF tərəfindən maliyyə dəstəyindən kənarda qalması və bu üzdən iyun ayından 15 nəfərlik kollektivin maddi vəziyyətinin çıxılmaz olduğu vurğulanır, qəzetin ayaqda qalması üçün uyğun formada maliyyə dəstəyi istənilirdi. Buna baxmayaraq, “The Business Times” qəzeti bu gün də nəşr olunmaqda davam edir. Məlum müraciətə isə hələ cavab almamışıq. Ona görə də ilk gündən kollektivə qarşıda bizi çətin günlər olduğunu anlatdım. Hər biri pulsuz çalışacağını israr etdi. Açığı, bir qədər tərəddüddən sonra Prezidentə müraciət ünvanladıq və indi də ümidlə gözləyirik ki, müsbət cavab alacağıq. Necə deyərlər, ümid ən sonda ölür!”
Nəzirə Nurullayeva “Kaspi” qəzetinin bağlanması ilə də bağlı maraqlı fikirlər söylədi:“O qəzetdə tanınmış imzaları olan dostlarım var. Üzüldüm. Əziyyət çəkən yenə jurnalistlər olacaq. Amma məni bir sual daha çox maraqlandırdı – 3 əsrlik tarixi ilə öyünən, bir vaxtlar medianı söküb təzədən yığmaq iqtidarına malik təsisçiləri olan Əli Həsənov və xanımı “Kaspi” qəzetini bağlayırsa və bunun fonunda 15 yaşlı “The Business Times” qəzeti isə 3 aydır heç bir maliyyə dəstəyi olmadan nəşr olunursa, cəmiyyətdə maraqlı fikir formalaşa bilər: ya mənim pulum daha çoxdur, ya da… İkinci fikir təxminən belə ola bilər – “The Business Times” dövlətçiliyə daha sadiqdir. Bəli, bu bağlanma hadisələrinin fonunda ikinci fikir daha məntiqlidir. Çünki mənim bir başım var, bir əqidəm və bir də qələmim…”