Paşinyanı dəstəkləyən "Maarifçi Ermənistan" partiyasının deputatları pandemiya ilə mübarizə qanununun müzakirəsi zamanı Ümumdünya Səhiyyə Təşkilatına və onun efiopiyalı rəhbərinə misilsiz ittihamlar yağdırıblar."ÜST-nin qərarları bizim üçün məcburi olmamalıdlr, bizim öz konstitusiyamız var" prinsipi üstündə təşkilatı tam iqnor etməyə qalxıblar. Paşinyançılar ÜST-nin direktoruna qarşı xüsusilə amansız davranıblar. Deyiblər ki, ÜST-nin Efiopiyadan olan direktoru öz ölkəsindəki genosid aktları üçün məsuliyyət daşıyır, öz ölkəsində adı korrupsiya əməllərində çəkilir, eləcə də pandemiyanın ilk başlanğıclarında lazımı məlumatları vaxtında təqdim etmədiyi üçün koronavirusun dünya boyu tüğyan etməsində məsuliyyət daşıyır.
Bunu özünün facebook hesabında “Bakı Xəbər” qəzetinin qurucusu və baş redaktoru, politoloq Aydın Quliyev yazıb. A.Quliyev daha sonra yazır:
Ermənistanda nə baş verir? ÜST-nin qərarlarına uyğunlaşmaqdan niyə qaçırlar? ÜST direktoru niyə linçlənir?
Təbii ki, Ermənistanın siyasətinin bu xəttini də Paşinyan şəxsən idarə edir. Dövlət adından aparılan bu siyasətin bütün təfərrüatlarını kənardan görmək mümkün olmasa da, onun alt qatlarında indiki erməni siyasi elitasının qrup və şəxsən Paşinyanın maraqlarının olması şübhəsizdir. Belə ehtimal etmək olar ki:
1.Paşinyanın ÜST-dən koronavirusla mübarizə çərçivəsində umduğu milyonlarla yardımı almaq planları boşa çıxıb...
2.Paşinyan hakimiyyəti ölkənin pandemiya ilə mübarizədə uğradığı hərtərəfli fiaskonun məsuliyyətinin əhəmiyyətli bir hissəsini ÜST-nin üstünə qoymağa çalışır. Əks halda "ÜST vaxtında lazımı rəqəmləri və təhlilləri təqdim etməyib" kimi ittihamlar deyilməzdi...
Belədə hesab etmək olar ki, "Maarifçi Ermənistan" partiyasının deputatları əslində Paşinyanın öz "kartlarını açdılar"...