ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın impiçment prosedurlarını rəsmiləşdirən qanun layihəsini səsə qoyaraq təsdiqləyib.
Qanun layihəsi palata üzvlərinin 196 "xeyr" səsinə qarşı 232 "bəli" səs ilə qəbul edilib.
Səsvermədə respublikaçıların layihəni təsdiqləməməsi diqqət çəkib. Respublikaçıların hamısı, demokratlardan isə ikisi qətnamənin əleyhinə səs verib.
Palatanın demokrat spikeri Nensi Pelosi rəhbərliyi ilə təqdim edilən layihə impiçment prosesinin ilkin prosedurlarını müəyyənləşdirir. Pelosi deyib ki, impiçment prosesinə dair qətnamə "hazırkı və davam edən araşdırmaları təsdiq edəcək…Amerika xalqına açıq olan dinləmə prosedurlarını təmin edəcək, sübutları məhkəməyə təqdim etməklə yanaşı, prezident və onun vəkilinin məhkəmə hüquqlarını müəyyənləşdirəcək."
Səsvermədən dərhal sonra ABŞ prezidenti Donald Tramp Tvit edərək bunu “ Amerika tarixində ən böyük ifritə ovu” adlandırıb. Tramp Ukrayna prezidenti Zelenski ilə telefon danışığının oxunmasını istəyib.
Ağ Evdən isə "Prezident Tramp yanləş bir iş görməyib, Demokratlar bunu bilirlər. Nensi Pelosi və Demokratlar tərəfindən bu qeyri-qanuni impiçment prosesi ilə bağlı hərəkətləri prezident Prezident Trampı deyil, Amerika xalqını incidir" deyilib.
Açıqlamada "bu prosesin ədalətsiz, konstitusiyaya zidd və ABŞ üçün uyğun olmadığı" deyilir.
Tramp və onun Respublikaçı tərəfdarları impiçmenti Nümayəndələr Palatasının səsvermə keçirmədiyinə görə qeyri-legitim adlandırıb. Pelosi isə bu arqumenti "mənasız" hesab edib.
Qanunlar palatanın prosesin təsdiqi üçün səsvermə keçirməsini tələb etmir və əksəriyyət təşkil edən Demokratlar bu proses üçün qaydalar tətbiq edə bilər.
Tramp administrasyasının keçmiş rəsmiləri həftə boyu Konqresdə bağlı qapılar arxasında ifadə verib. Demokratlar isə Trampın xarici ölkədən 2020-ci ildə keçiriləcək seçkiyə müdaxilə etməsini istədiyini sübut edəcək məlumatlar toplamağa çalışır.
Keçən həftə impiçment araşdırması aparan Nümayəndələr Palatasının Demokratları bir neçə nəfərin ifadələrini dinləyib.
Prezident Ukraynadan rəqibi Co Bayden və onun oğlu barədə məlumat toplamasını istəməkdə ittiham olunur. Bu səbəblə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff məhkəmə qərarı ilə bununla bağlı əlavə məlumat tələb edib. Tramp administrasiyası isə hələ ki, sənədləri təqdim etməkdən boyun qaçırır. Tramp bildirir ki, Nümayəndələr Palatasının Demokratları araşdırmanın rəsmiləşdirilməsi üzərində səsvermə keçirməyənədək əməkdaşlıq etməyəcək.