Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən şəxs Fətullah Gülən terror təşkilatının (FETÖ) üzvüdür. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya prezidenti Bujar Nişani ilə birgə mətbuat konfransı deyib.
"Araşdırmalar göstərir ki, o, FETÖ terror təşkilatının üzvü olub. Bunu gizlətməyə ehtiyac yoxdur. Araşdırmalar da bunu göstərir... Silahlı Qüvvələrimizdə olduğu kimi polis təşkilatımızın içərisində də, çox təəssüf ki bu çirkin təşkilatın üzvləri hələ də qalmaqdadır. Bunların təmizlənməsi də davam edir, davam edəcək” – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan rus səfiri öldürən terrorçunun sağ ələ keçirilməməsilə bağlı tənqidlərə də cavab verib: “Niyə canlı tutulmadı deyilir. İstanbulda canlı bombanı tutmağa getdilər, amma 1 nəfər 5 polisimizi şəhid etdi. Bu vəziyyətdə bəzən müvəffəqiyyətli, bəzən də müvəffəqiyyətsiz olarsız. Onu vuran yoldaşımız üzərindən bomba çıxa biləcəyini nəzərə alıb, onu orda vurmaq məcburiyyətində qaldı”.
Ərdoğanın sözlərinə görə, səfirin qətli ilə əlaqədar istintaqa rusiyalı müstəntiqlər də cəlb edilib: “Rusiyadan gələn istintaq qrupu ilə bizim istintaq qrupumuz birlikdə işləyir. Güman edirəm yaxın müddət ərzində istintaqın gedişi ilə bağlı nəticələr əldə olunacaq. Bu adamın xaricindəki əlaqələri nələrdir, bununla bağlı da bəzi ipucları var. Hazırda Milli Kəşfiyyat Təşkilatımız və digər qurumlarımız işləri davam etdirir. Yekun nəticəni də ictimaiyyətə açıqlayacağıq".
Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.