Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mevlüt Mert Altıntaşın evində Fətullahçi Terror Təşkilatı (FETÖ) və “Əl Qaidə”yə aid kitablar tapılıb.
Baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, kitabları evdə axtarış aparan polislər aşkarlayıb.
Digər tərəfdən Altıntaşın polis məktəbinə daxil olanda ona dəstək olmuş iki təhlükəsizlik əməkdaşının FETÖ işilə bağlı hüquq-mühafizə orqanlarından xaric edildiyi məlum olub.
Bundan başqa, onun İzmir Rüştü Ünsal Polis Peşə Ali Məktəbində imamı olduğu bildirilən Süleyman Ergen də saxlanıb. Süleyman Ergenin 2012-1014-ci ildə İzmir Rüştü Ünsal Polis Peşə Ali Məktəbinin imamı olduğu və Altıntaşa dərs dediyi iddia edilir.
Bununla hadisə ilə bağlı saxlananların sayı 7-ə çatıb. Saxlanan digər şübhəlilər isə Altıntaşın İzmirdə olan qohumları və tələbə yoldaşları olduğu bildirilir.