Xəbər verdiyimiz kimi Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum olub. Baki-xebr.com-un verdiyi xəbərə görə, hadisə Ankarada Müasir İncəsənət Mərkəzində təşkil edilmiş "Rusiya türklərin gözü ilə" adlı rəsm sərgisinin açılışında baş verib.
Belə ki, sərgi salonuna daxil olan silahlı şəxs açılışda çıxış edən səfir Andrey Karlova atəş açıb. O, ağır vəziyyətdə hadisə yerinin yaxınlığında olan xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumda səfirdən başqa 3 nəfər də yaralanıb.
Hadisədən sonra polis və xüsusi təyinatlılar binanı mühasirəyə alıb əməliyyat keçirilib. Təxminən 15 dəqiqə davam edən qarşıdurmanın ardından silahlı şəxs öldürülüb.
Səfirin ölümü ilə nəticələnən silahlı hücumla əlaqədar ortaya diqqətçəkən iddialar da atılıb. Məlumata görə, Karlovu qətlə yetirən silahlı, "Rusiya səfirliyinin mühafizəçisiyəm" deyərək saxta sənədlə sərgiyə keçirildiyi binaya daxil olub. Onun Ankara çevik polis qüvvələrinin əməkdaşı olması barədə də iddialar səsləndirlir.
Səfirə silahlı hücumla əlaqədar ortaya çıxan başqa bir iddia isə sərgi keçirilən binanın mühafizəsinin zəif olması ilə bağlıdır. Belə ki, sərginin keçirildiyi salona girişdə iştirakçıların kimliyi və üzəri yoxlanılmadan buraxıldığı iddia edilir. İçəriyə yolanmadan girdiklərini deyən TRT müxbiri bununla bağlı bildirir: “İçəriyə yoxlanmadan girdik. Kimlik belə soruşulmadı... Kimliyimi göstərmək istədim, ancaq mühafizəçi buna ehtiyac yoxdur dedi”.
Onu da qeyd edək ki, hücumun olduğu sərgi salonunun solunda ABŞ səfirliyi yerləşir.