Rusiya 2015-ci ildə istehsalını başa çatdırdığı nüvə başlığı daşıyan pilotsuz sualtı gəmini sınaqdan keçirib.
Baki-xeber.com xəbər verir ki, ABŞ limanları üçün böyük strateji təhdid yaradacaq gücə sahib pilotsuz sualtı gəmi, Amerika kəşfiyyatını ayağa qaldırıb. Belə ki, ABŞ kəşfiyyat qurumları, Pentaqon tərəfindən “Kanyon” adı verilən bu sualtı gəminin 27 noyabrda hərəkət etdiyini təsbit edib.
Sualtı gəminin sınağının keçirildiyi yer və nəticələrinə dair hər hansı bir məlumat verilmir.
Pentaqon sözçüsü Ceff Devis ABŞ-ın Rusiyanın addımlarını yaxından izlədiyini deyib: "Rusiyanın sualtı gəmilərlə bağlı hərbi addımlarını yaxından izləyirik, ancaq onlar haqqında xüsusi bir açıqlama verməyəcəyəm".
Rusiyanın pilotsuz sualtı gəmi hazırlamasına dair detallar ilk dəfə 2015-ci ilin oktyabr ayında mətbuata sızdırılmışdı. İşləri gizli saxlamaq istəyən Rusiya bundan iki ay sonra proqram və işlər haqqında qısa məlumat verdi. Rusiya pilotsuz sualtı gəmi proqramını "Çox Məqsədli Okean Proqramı" adlandırırdı.
Amerika kəşfiyyatı “Kanyon”un milyonlarla tonluq dinamitə bərabər, dünyada ən böyük nüvə silahı gücünə sahib döyüş başlıqları daşıya biləcəyini bildirir. Kəşfiyyat “Kanyon”un ABŞ-ın ballistik raketlərlə təchiz edilmiş sualtı gəmilərinin yanaşdığı limanları hədəf ala biləcəyindən ehtiyatlanır.
Amerikanın nüvə raketləri daşıyan iki sualtı gəmisi Florida və Vaşinqtondadır. ABŞ donanması tərəfindən də pilotsuz sualtı gəmilərin hazırlandığı, ancaq bunların nüvə silahı daşımaq gücünə sahib olmadığı bildirilir.