Misir məhkəməsi həbsdə olan keçmiş prezident Məhəmməd Mursiyə qarşı ölüm hökmünü ləğv edib. “Reuters”in məlumatına görə, qərar noyabrın 15-də keçirilən məhkəmə iclasında qəbul olunub.
“Müsəlman qardaşları” hərəkatının lideri olan Məhəmməd Mursi 2013-cü il iyulun 3-də hərbi çevirilişlə hakimiyyətdən kənarlaşdırılıb. Bundan sonra ona qarşı bir sıra ittihamlar irəli sürülüb. Etirazçıların qətlə yetirilməsi ittihamı ilə o 20 il azadlıqdan məhrum edilib. Bundan sonra isə “Həmas” təşkilatı və Qətərə casusluq ittihamı ilə ömürlük həbsə, 2015-ci ilin iyununda isə hərəkat üzvlərinin yatdığı Vadi an-Natrun həbsxanasından kütləvi qaçışın təşkili ittihamı ilə ölümə məhkum edilib.
Ali Kasasiya məhkəməsinin ölüm hökmünün ləğv etməsi o deməkdir ki, iş məhkəməyə qaytarılacaq. Həmçinin Mursi ilə yanaşı “Müsəlman qardaşları” hərəkatının daha 5 liderinə kəsilmiş ölüm hökmü ləğv edilib. Bundan başqa 21 nəfərə kəsilmiş ömürlük həbs cəzası ləğv edilib.
Mursi 2012-ci ildə keçmiş prezident Hüsni Mübarəkin devrilməsindən sonra prezident seçilmişdi. 2013-cü ildə baş verən hərbi çevrilişdən sonra ölkəni indiki prezident Abdel Fattah al-Sisi idarə edir.