İran hökuməti Taliban liderlərinin ölkə ərazisində olması barədə xəbərləri təkzib edib. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
O bildirib ki, Əfqanıstanda bəzi media orqanlarının yaydığı bu tip xəbərlər yalandır: “Tehran və Kabil arasında dost və qardaş münasibətləri iki ölkənin müştərək təhlükəsizliyi və mənafeyi naminə davam etdirilir”.
Qeyd edək ki, Əfqanıstanın bəzi KİV-ləri Taliban qruplaşmasının rəhbərlərinin İranda olması və İranla əməkdaşlıq etməsinə dair xəbərlər yayıb.