Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb. Trend-in "İnterfax"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat verib.
Nazir 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur. İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, nazir rüşvət alarkən saxlanılıb.
Aleksey Ulyukayev polis tərəfindən saxlanılıb. Nazirə qarşı həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.
Faktla bağlı istintaq-əməliyyat tədbiri həyata keçirilir.
Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevlə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin saxlanılması ilə bağlı məsələni müzakirə edib. Medvedev dəqiq araşdırma aparılmasının vacibliyini qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, dövlət başçısı xüsusi xidmət orqanları əməkdaşlarının nazirlə bağlı apardığı əməliyyat barədə əvvəlcədən xəbərdar olub.