NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da prezident seçilmiş Donald Trampa təkbaşına gedişin Avropa və ABŞ üçün seçim olmadığı barədə xəbərdarlıq edib.
O bildirib ki, Qərb hazırda böyük təhlükəsizlik problemi ilə üzləşib.
Seçki kampaniyası zamanı cənab Tramp qərbin hərbi alyansı olan NATO-nu köhnəlmiş adlandırıb. O təklif edib ki, NATO hücum altında olarkən ABŞ yardıma gəlmək barədə iki dəfə düşünəcək.
Britaniyanın “Observer” qəzetinə danışan Stoltenberq Trampın başqa üzv ölkələrin daha çox maliyyə töhfəsi verməsi ehtiyacı barədə fikirləri ilə razılaşıb, belə ki NATO-nun xərclərinin təxminən 70 faizi ABŞ-ın payına düşür.
Lakin o əlavə edib ki, Amerika liderləri həmişə sabit və təhlükəsiz Avropada dərin strateji maraqlarının olmasını etiraf edib.
"Bu qeyri-müəyyən vaxtlarda bizim güclü Amerika rəhbərliyinə və bu yükü bərabər paylaşan avropalılara ehtiyacımız var". bunu isə Norveçin sabiq baş naziri deyir. O daha sonra bildirir: "Təkbaşına gediş etmək nə Avropa, nə də ABŞ üçün variantdır. Biz indi təhlükəsizlik baxımından ən böyük problemlərlə üzləşirik. İndi Avropa və ABŞ arasında tərəfdaşlığın əhəmiyyətini şübhə altına almaq vaxtı deyil".
Ekspertlərə görə, bir vaxtlar seçilməsinə güman olmayan namizədin dediyi bu sözlər indi alyansın varlığına da real təhlükədir. Onlara görə, Trampın Rusiya prezidenti Vladimir Putinə heyranlığı da bu şübhələri kəskinləşdirib.
Cümə günü Rusiya prezidentinin sözçüsü deyib ki, Tramp NATO-nu Rusiya sərhədlərindən qoşunlarını çəkməyə yola gətirməklə Rusiya ilə etimad qurmağa yardım edə bilər.