Moldovada keçirilən prezident seçkisində rusiyapərəst namizəd İqor Dodon qalib gəlir. Səslərin 99,9 faizinin hesablanması onun 52,9, qərpərəst namizəd Maya Sandunun isə 47,71 faiz səs topladığını göstərir. Bu barədə noyabrın 14-də MSK məlumat yayıb.
İqor Dodon prezident seçiləcəyi halda Rusiya ilə strateji tərəfdaşlığı bərpa edəcəyini vəd edib. Maya Sandu isə Rumınya, Ukrayna və Qərblə əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır.
MSK-nın məlumatına görə, noyabrın 13-də keçirilən seçkidə 53,3 faiz seçici iştirak edib. MSK xaricdə keçirilən səsvermələr zamanı qanun pozuntularına yol verildiyini bildirir. Xüsusilə də Paris, Moskva,London və Buxarestdə. Bu ölkələrdə bülletenlər seçki məntəqələrinin bağlanmasına biraz qalmış qurtarıb. Nəticədə yüzlərlə adam səs verə bilməyib. Bu pozuntuları prezidentliyə hər iki namizəd də qeyd edib.
Son illər Moldovanı qərbpərəst siyasətçilər idarə edirdi. Bu müddət ərzində ölkədə 5 baş nazir dəyişib. 3 bankdan milyard dolların yoxa çıxması ölkədə ciddi qalmaqala səbəb olub.
15 il ərzində Moldovada prezidenti ilk dəfədir ki, xalq seçir. Bunadək prezidenti parlament seçirdi.
Bolqarıstanda keçirilən prezident seçkisində də rusiyapərəstlər qalib gəlir. Məlumata görə, seçkilərdə rusiyapərəst namizəd Rumen Radev liderlik edir.
MSK-nın noyabrın 14-də yaydığı məlumatına görə, Sosialist partiyasının namizədi Radev 59,4, Sağ-mərkəzçi GERB partiyasının namizədi Tsetska Tsaçeva isə təxminən 36 faiz səs toplayıb.
Baş nazir Boyko Borisov noyabrın 13-də jurnalistlərə deyib ki, rusiyapərəst namizəd Radev qalib gəlsə istefa verəcək. nəticələr açıqlanmağa başlayandan sonra Boyko Borisov hökumətin istefaya göndərilməsi barədə ərizə verib. Buna səbəb onun partiyasının namizədi Tsetska Tsaçevanın prezident seçkilərində məğlub olması göstərilib. Onun istefası yazda vaxtından əvvəl seçkilərə səbəb ola və bu ölkənin NATO və Avropa Birliyinə üzvlüyünü risqə ata bilər.
Hərbi hava qüvvələrinin keçmiş rəisi olan general rusiyapərəst namizəd Radev əvvəllər siyasi vəzifə tutmayıb. Müşahidəçilər hesab edir ki, onun qələbəsi ölkəni yenidən Rusiyaya tərəf döndərə bilər. 53 yaşlı Radev, Rusiyaya qarşı beynəlxalq sanksiyaları aradan qaldırmağa çağırır.
Prezident səlahiyyətlərinin icrasına gələn il yanvarın 1-dən başlayacaq.
Ekspertlərin fikrincə, bu iki Avropa ölkəsində seçkinin nəticələri Rusiyanın bölgədə Avropa Birliyinin tərəfdarları üzərində açıq qələbəsi kimi dəyərləndirilir.