ABŞ prezidenti seçilmiş Donald Tramp bazar günü mətbuatda çıxışında mövqeyini bir daha ortaya qoyub, hansı vədlərinin üstündə dayanacağını, hansı məqamda gözləndiyindən yumşaq davranacağını bildirib.
Baki-xeber.com-n məlumatına görə, qələbədən sonra ilk dəfə olaraq telekanalına bir saatlıq müsahibə verən D.Trampın miqrantlara vəd etdiyi qədər sərt olmayacağı, amma abort hüququnun məhdudlaşdırılmasında israrlı mövqe tutacağı aydın olub. «Bəs abort istəyən qadınlar neyləməlidir» sualına cavabında Tramp «yəqin ki, başqa ölkəyə getməli olacaqlar» deyib.
Meksika ilə sərhədə çəkiləcək divara gəlincə, D.Tramp divarın bütün sərhədboyu uzanmayacağını, bəzi yerlərdə çəpərlə kifayətlənəcəklərini bildirib. O ki qaldı sayı 11 milyona çatan sənədsiz miqrantlara, D.Tramp onların hamısını deyil, yalnız kriminal keçmişi olanları, yəni təhlükəli hesab etdiyi 2-3 milyon miqrantı ölkədən qovacağını söyləyib.
D.Tramp cinayətkar olmasalar da, sənədsiz miqrantların «dəhşətli kütlə» sayıldığını, sərhədlərin təhlükəsizliyi təmin olunandan sonra onların işinə baxacağını bildirib.
D.Tramp seçkidən bir neçə gün öncə demokratların namizədi Hillari Klintonun dövlət əhəmiyyətli yazışmalarda şəxsi e-poçtundan istifadəsilə bağlı informasiyanı açıqlayan FBI (Federal Təhqiqatlar Bürosu) rəhbəri ilə bağlı da sualı cavablandırıb. Deyib ki, onun haqda, hələ, qərar verməyib, FBI direktoru James Comeyin açıqlamalarının, bəlkə də, əsası olub.
«The New York Times» yazır ki, Trampın «Twitter»dən istifadə etməsi Ağ Ev tarixində yenilikdir və Trampın prezident kabinetində də onun baxışlarına uyğun gəlməyən mətbuatdansa, sosial mediadan yararlanacağına, mövqeyini amerikalılara sosial media vasitəsilə çatdıracağını göstərir.
Bir saatlıq müsahibəsində Tramp sosial mediadan yararlanması ilə fəxr etdiyini, prezident olanda da bu platformanı tərk etməyə meyllənmədiyini deyib. Tramp məhz sosial şəbəkələrdəki izləyicilərinin ona qələbə qazanmağa güc verdiyini bildirib.
Tramp seçki kampaniyası zamanı mətbuatda onu «vəhşi» kimi təsvir edənlərin haqlı olmadığını, bəzən xalqı ayağa qaldırmaqdan ötrü, onun kimi, qaynar çıxışlar etməyə ehtiyac yarandığını deyib. Tramp «kiçik monoton xarakterli» biri olmaq istəmədiyini, lazım gələrsə, bundan sonra da eyni taktikaya əl atacağını vurğulayıb.
Tramp onu da təsdiqləyib ki, əmək haqqından imtina edəcək. Qeyd ədək ki, ABŞ prezidentinin maaşı ildə 400 min dollar təşkil edir.