ABŞ administrasiyası hazırkı İran hakimiyyətinin artıq ölkəyə rəhbərlik edə bilməməsi halında İranda müvəqqəti hökumətin yaradılmasını nəzərdən keçirir. Bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat verib.
Nəşr qeyd edir: "İrandakı mövcud rejimə alternativ tapmaq üçün Amerika təşəbbüslərinə yaxın bir mənbə qəzetə bildirib ki, prezidentin kürəkəni Cared Kuşner bu prosesdə yaxından iştirak edir. O, rejimin çökməsi halında İranı idarə etməyə kömək edəcək keçid strukturunun formalaşdırılması ilə bağlı məsləhət vermək üçün bir qrup İran-Amerika biznes liderlərinin toplanmasına kömək edir". Mənbənin məlumatına görə, ABŞ administrasiyası İran müxalifətinin nümayəndələrini Florida ştatının Palm Biç şəhərində toplamaq istəyir. Görüş bu həftə sonu baş tuta bilər, lakin logistika çətinləşib. Müxalifət nümayəndələrinin ərazidə yerləşən prezident iqamətgahı olan Mar-a-Laqoya, yoxsa yaxınlıqdakı bir yerə dəvət olunacağı da məlum deyil.
Tramp əvvəllər İranın nüvə proqramını yenidən qurmağa cəhd edəcəyi təqdirdə ABŞ-ın ona qarşı sərt tədbirlər görməyə hazır olacağına söz vermişdi . Bu açıqlama tərəflərin danışıqlara hazırlaşdığı bir vaxtda verilib. Tehran və Vaşinqton artıq beş raund danışıqlar aparıblar. Altıncı raund hələ baş tutmayıb, çünki İsrail və daha sonra ABŞ 2025-ci ilin iyun ayında İrana hücumlara başlayıblar.
Tahir TAĞIYEV