Rusiyanın neft nəhəngi “LUKoil” ABŞ-ın sanksiyalarından sonra dünyanın ən böyük neft yataqlarından biri olan İraqın cənubundakı “Qərbi Qurna-2” yatağında fors-major vəziyyət elan edib.
“Reuters” mənbələrə istinadən xəbər verir ki, şirkət İraq Neft Nazirliyinə məktub göndərərək, mövcud vəziyyətin yataqda əməliyyatların davam etdirilməsini mümkünsüz etdiyini bildirib. Adı çəkilməyən İraq neft sektorunun nümayəndəsi bildirib ki, fors-major şərtləri növbəti altı ay ərzində həll edilməsə, “LUKoil” “Qərbi Qurna-2”də hasilatı tamamilə dayandırmaq məcburiyyətində qalacaq və layihədən çıxacaq.
Agentliyin mənbələrinə görə, İraq “LUKoil”a nağd ödənişləri dayandırıb. Həmçinin məlum olub ki, şirkətə təxminən 4 milyon barel xam neftin planlaşdırılan ödənişi ləğv edilib. İraq Neft Nazirliyinin sözçüsü əlavə edib ki, “LUKoil” un İraqdakı əməliyyatlarından əldə etdiyi gəlir yataqdakı vəziyyət həll olunana qədər ABŞ sanksiyaları səbəbindən dondurulacaq. Mənbənin sözlərinə görə, İraq sanksiyalar altında olan şirkətlərlə əməkdaşlıq edə bilməz.
“Qərbi Qurna-2” İraqın cənub hissəsində yerləşir. Rus neft şirkəti “LUKoil” yatağın işlənməsi barədə lisenziyanı 2010-cu ildə alıb. Bu layihənin 75%-lik hissəsi “LUKoil”a məxsusdur, 25%-i sahibi isə İraqın dövlət neft şirkətinindir.
TAHİR