ABŞ və Macarıstan arasında "anlaşılmazlıq"dan qaynaqlana biləcək böhran yaranıb. Macarıstanın baş naziri Orban ABŞ prezidenti Trampla görüşündən sonra ölkəsinin Rusiyadan neft alışına qoyulan sanksiyalardan azad edildiyini açıqlayıb. Orban ABŞ-ın ölkəsinə Rusiya neft və qaz idxalından qeyri-müəyyən müddətə güzəşt etdiyini deyib.
“Macarıstanda enerji qiymətləri ən aşağı səviyyələrdə qalacaq. TürkAxını və Drujba boru kəmərlərinə qeyri-müəyyən müddətə istisna tanınıb. Boru kəmərləri ideoloji deyil, fiziki reallıqdır. Bu, bizim üçün həyati əhəmiyyətli bir məsələdir”- deyə Orban bildirib.
İki lider Paks Nüvə Elektrik Stansiyasına qoyulan sanksiyaların ləğvi barədə də razılığa gəliblər. ABŞ-la yeni nüvə əməkdaşlıq proqramının imzalandığını deyən Orban, “Westinghouse”dan yanacağın alınacağını və kiçik modul reaktorların tikiləcəyini açıqlayıb. Bundan başqa, Vaşinqton Macarıstana istifadə olunmuş yanacaq saxlama texnologiyası da göndərəcək.
Tramp da Macarıstana, Rusiyadan neft və qaz alması üçün sanksiyalardan istisna hüququ tanındığını deyib: “Macarıstanın Rusiyadan başqa yerdən enerji tədarük etməsi çox çətindir, çünki dənizə çıxışları yoxdur.”
Lakin Ağ Ev bu iddiaları təkzib edib. ABŞ rəsmisi “Reuters” agentliyinə sanksiyalardan güzəştin yalnız bir il müddətində qüvvədə olduğunu bildirib.
Ağ Ev mənbələrinə görə, müvəqqəti güzəştə əlavə olaraq, Budapeşt təxminən 600 milyon dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) almağa da razılaşıb.
BVF-nin məlumatlarına görə, Macarıstan 2024-cü ildə qazı 74%-ni, neftin isə 86%-ni Rusiyadan idxal edib.
Orban həmçinin iddia edib ki, ABŞ-la imzalanan "maliyyə qalxanı" müqaviləsi onun ölkəsini valyuta hücumlarından və kredit reytinqinin aşağı düşməsindən qoruyacaq və beləliklə, Avropa Birliyindən iqtisadi asılılığı azaldacaq.
TAHİR