İsveçrənin “Gunvor” şirkəti LUKoil-ın xarici aktivlərinin alınmasından imtina edib. "Financial Times" qəzeti yazır ki, ABŞ Maliyyə Nazirliyi “Gunvor”u "Kreml kuklası" adlandıraraq, LUKOIL-ın aktivlərini satın alacağı təqdirdə lisenziyasını bloklayacağı barədə xəbərdarlıq edib.
"Reuters" agentliyi bu addımın şirkət tarixindəki ən böyük sövdələşməni pozduğunu qeyd edərək, Vaşinqtonun Rusiyanı təcrid etmək üçün sanksiyalardan istifadə etməyə çalışdığını yazıb.
Müşahidəçilər hesab edirdilər ki, ABŞ-ın təzyiqi olmasaydı belə, 22 milyard dollarlıq razılaşmanın, “Gunvor”un kredit tutumunu aşması səbəbindən əldə edilməsi çətin olacaqdı.
Kreml ABŞ Maliyyə Nazirliyinin LUKoil-un xarici aktivlərinin “Gunvor”a satılmasına icazə verməyəcəyi ilə bağlı addımına münasibət bildirib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov LUKoil-un xarici aktivlərinin satışının Kremlin birbaşa səlahiyyətində olmadığını, lakin şirkətin qanuni maraqlarının qorunmalı olduğunu bildirib.
"Düşünürük ki, LUKoil kimi böyük beynəlxalq Rusiya şirkətinin beynəlxalq və iqtisadi münasibətlər qaydaları çərçivəsində bütün qanuni maraqlarına hörmət edilməlidir. Bu sahədəki pozuntular qəbuledilməzdir və qlobal ticarət rejiminə zərər verir. Bu şirkət qlobal bazarda çox böyük oyunçudur"- deyə Peskov bildirib.
TAHİR