Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib.
ATƏT sədri “X” hesabında İ.Kobaxidzeni Finlandiyaya dəvət edib. O, Gürcüstan hökumətinin başçısına Finlandiyada azad mətbuat nümayəndələri ilə görüşməyi və istədiyi istənilən nümayişə baş çəkməyi təklif edib.
ATƏT sədri Kobaxidze ilə görüşünü qrafiki səbəbindən ləğv etməli olduğuna görə üzr istəyib. Eyni zamanda qeyd edib ki, Gürcüstanın gələcəyini yalnız gürcü xalqı müəyyən edir.
“Bu, ATƏT-in hər bir iştirakçı dövlətinə aiddir. İnsanların bu hüquqdan istifadə edə bilmələri üçün onlara söz azadlığı, siyasi alternativləri seçməyə imkan verən azad və ədalətli seçkilər lazımdır”, - deyə Valtonen yazıb.
Qeyd edək ki, İ.Kobaxidze ATƏT sədrini Gürcüstanda inqilabi prosesi dəstəkləməklə bağlı tapşırıq almaqda ittiham edib və Valtonenlə planlaşdırılmış görüşünü ləğv edib.
Finlandiya tərəfi isə görüşün onların təşəbbüsü əsasında ləğv edildiyini bildirib.
ZÜMRÜD