HƏMAS müharibədən sonrakı dövrdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcək. AFP-yə danışan HƏMAS-ın danışıqlar komitəsinə yaxın mənbə bildirib ki, HƏMAS ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 20 bəndlik sülh planı çərçivəsində keçid dövründə heç bir idarəetmədə iştirak etməyəcək.
"HƏMAS üçün Qəzzanın idarəsi artıq qapanmış məsələdir. Bununla belə, Fələstin hakimiyyətinin fundamental hissəsi olaraq qalacağıq", - deyə mənbə bildirib.
Atəşkəs rejiminin tətbiqindən sonra tərəflər Trampın 20 bəndlik sülh planı üzərində işləyirlər.
Plan Qəzzanın “qonşuları üçün heç bir təhlükə yaratmayan, radikallaşmadan və terrordan azad zonaya” çevrilməsini nəzərdə tutur. Həmçinin HƏMAS-ın hərbi strukturunun tamamilə ləğvi və yenidən formalaşdırılmayacağı şərt kimi qoyuluq.
Keçid dövründə müvəqqəti olaraq dövlət xidmətlərinin fəaliyyətini tənzimləyəcək texnokrat Fələstin komitəsi yaradılacaq. Bildirilib ki, Misirin vasitəçiliyi ilə yaradılacaq bu administrasiyanın üzvlərinin siyahısı tamamlanmaq üzrədir.
Mənbənin sözlərinə görə, HƏMAS uzunmüddətli atəşkəs dövründə İsrail hücum etmədiyi müddətcə, silahlardan istifadə etməmək şərtini qəbul edib.
Bununla belə, təşkilat “silahsızlaşdırma” şərtini qəti şəkildə rədd edir. Bundan əvvəl AFP-yə danışan HƏMAS rəsmisi demişdi ki, “Silahsızlanmadan söhbət gedə bilməz”.
HƏMAS yaradılacaq müvəqqəti komitəyə daxil olmasa da, digər Fələstin qrupları ilə birlikdə 40 nəfərdən ibarət siyahı təqdim edib. Mənbənin sözlərinə görə, bu adamlar arasında HƏMAS-a birbaşa bağlı olan heç kim yoxdur.
Misir yeni hökumətin qurulması üçün gələn həftənin sonuna qədər iclas keçirməyə çağırıb.
TAHİR