HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma çərçivəsində 2 minə yaxın fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək. Onlardan 250-si ömürlük həbs cəzasına məhkum olunanlardır.
Maan informasiya agentliyi HƏMAS rəhbərliyinin sözçüsünə istinadla bildirir ki, sazişin birinci mərhələsində 20 girovdan ibarət bir qrup azad ediləcək. Bunun müqabilində İsrail hakimiyyəti 250-si ömürlük həbs cəzası çəkən 2000-dən çox fələstinli məhbusu azadlığa buraxacaq. HƏMAS sözçüsü əlavə edib ki, azad olunacaq fələstinlilər qrupuna 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan sonra həbsdə olan 1700 nəfər daxildir.
Bundan başqa, HƏMAS İsrail ordusunun Qəzza sektorunda atəşkəs rejimini pozmayacağına və hərbi əməliyyatlara yenidən başlamayacağına dair beynəlxalq vasitəçilərdən zəmanət aldığını bəyan edib. "Reuters" HƏMAS-a yaxın mənbəyə istinadn bildirir ki, zəmanət ABŞ, Qətər və Misir nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra verilib.
HƏMAS nümayəndəsinin sözlərinə görə, bu, atəşkəs sazişinin icrasının əsas şərtlərindən biridir və tərəflər arasında etimadın formalaşmasına xidmət edir.
Qeyd edək ki, bir müddət öncə HƏMAS hərəkatı ilə İsrail arasında ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə sülh planının birinci mərhələsinə dair razılıq əldə olunub.
ZÜMRÜD