Almaniya Rusiyanı hədəf alan bir sıra sərt bəyanatlar verib. Berlin Avropada hava limanları yaxınlığında uçan dronlar görə, Rusiyanın məsuliyyət daşıdığını bəyan edən ilk ölkə olub.
Ancaq bununla belə Almaniya və Norveç hadisələrdə əli olmaqda şübhəli bilinən şəxsləri saxlasalar da, Rusiya ilə hər hansı əlaqəyə dair heç bir sübut ortaya qoya bilməyiblər.
Almaniya kansleri Fridrix Merz ARD telekanalına deyib ki, dron uçuşlarının əksəriyyətinin arxasında Rusiyanın dayandığından şübhələnirlər. Kanslerə görə, bunlar kəşfiyyat məlumatı toplamaq və ölkədə sabitliyi pozmaq cəhdləridir.
Münhendəki hadisələr barədə danışan Bavariyanın baş naziri Markus Söder isə hadisələrin arxasında Rusiyanın dayandığını "qəti şəkildə təsdiq edə bilmədiyini", lakin bunun olduğuna inandığını bildirib: "Bu, bizi əsəbiləşdirən və qorxu salan hibrid müharibə formasıdır".
Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə bəyan edib ki, Avropa İttifaqı liderlərinin Rusiyanın Avropanın müxtəlif bölgələrində pilotsuz təyyarələrin uçuşlarında iştirakı ilə bağlı bəyanatları əsassızdır. Peskov qeyd edib ki, hazırda bir çox avropalı siyasətçilər hər problemdə Moskvanı günahlandırmağa meyllidirlər. Rusiya prezidentinin mətbuat katibi bəyan edib ki, bu ittihamlar həmişə əsassız və ümumi xarakter daşıyıb.
TAHİR