Çində yayılan koronavirusla əlaqədar olaraq Azərbaycanda da qabaqlayıcı tədbirlər gücləndirilib. Bəzi məlumatlara görə, bu virusun daşıyıcısı olan insanın təması nəticəsində əşya və qidalar vasitəsilə də yayılma təhlükəsi var.
Nəzərə almaq lazımdır ki, ölkəmizdə, xüsusilə Bakıda xeyli sayda xarici restoran var. Hər hansı xarici ölkənin mətbəxini təbliğ edən restoranın fəaliyyət göstərməsi üçün ərzaqların çox hissəsi həmin ölkədən idxal olunmalıdır. Məlum olduğu kimi, artıq koronavirus bütün dünyaya yayılıb və ərzaqlar da təhlükə mənbəyi ola bilər.
Maraqlıdır, Çin və İtaliya restoranlarındakı qidalar yoxlanılırmı? Hazırda virusun yayıldığı xarici ölkələrdən həmin restoranlara qidalar gətirilirmi? Xarici ölkələrə məxsus restoranların bağlanmasına ehtiyac varmı? Restoranlara nəzarət olunurmu?
“Asian Street Food” restoranı: “Məhsulumuz Çindən gəlmədiyi üçün qorxulu hal yoxdur”
“Asian Street Food” restoranı da Çindən məhsul gətirmədiklərini bildirdi: “Heç bir məhsulumuz Çindən gəlmədiyi üçün qorxulu hal yoxdur. Biz balıq və krablarımızı Norveçdən gətizdiririk, digər məhsullar isə özümüzünkülərdir. Əsasən mal əti, toyuq əti, balıq və krivetkalardan istifadə edirik. Müştərilərimiz arasında isə azalma müşahidə edilmir”.
“Woki Oki” restoranı: “…qiymət baxımından bu mümkün deyil”
“Woki Oki” restoranından isə bildirdilər ki, əvvəllər Çindən məhsul gətizdirsələr də, indi bu, qiymət baxımından mümkün deyil: “Bizdə təkcə Çin mətbəxi deyil, Asiya mətbəxidir. Eyni zamanda, Çin üsulu ilə hazırlanan yeməklərdir. Buna görə Çindən birbaşa gətirdiyimiz məhsul yoxdur, yerli ət məhsullarından istifadə edirik. Əvvəllər Çindən məhsul gətizdirirdik, amma devalvasiyadan sonra qiymət baxımından bu mümkün deyil. Çünki oradan bir məhsul gətizdirsək, həmin yeməyin qiyməti aşağı olmayacaq. Müştərilərimiz arasında isə azalma yoxdur”.
Günel CƏLİLOVA