Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 10-na olan son statistik məlumatları və risq göstəricilərini yayımlayıb. “Trend”in məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.
Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 115 ölkə/ərazi üzrə 114 422 nəfərdir. Son yoluxma sayı 60 nəfərdir. Onların içərisində 19-u yeni olmaqla 4027 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 64 088 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.
ÜST-ün risq qiymətləndirməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək
Avropa Parlamentində məşğələlər keçmək üçün dəvət olunmuş təlimatçı koronavirusa yoluxub. Onun karantinə alındığı deyilir.
Bundan əvvəl Avropa Parlamentinin prezidenti David Sassolinin İtaliyaya səfər etməsindən sonra 14 gün müddətində ev şəraitində karantinə alındığı bildirilmişdi.
Avropa Parlamenti, həmçinin, yaz plenar sessiyasını Stratsburqdan Brüsselə keçirib və iclas günlərini dörddən ikiyə qədər azaldıb.
Fransanın mədəniyyət naziri Frank Riester koronavirusa yoluxub. Bu barədə "France-Presse" agentliyi nazirliyin nümayəndəsinə istinadən bildirib.
Bildirilib ki, nazirin test nəticələri müsbət olub. Nazirlik nümayəndəsi deyib ki, test infeksiya əlamətlərinin təzahüründən sonra edilib.
Onun sözlərinə görə, hazırda F.Riester Parisdə öz mənzilindədir və özünü yaxşı hiss edir.
Qeyd edək ki, son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 1412 nəfərə çatıb, 25 nəfər ölüb.
Avstriyada açıq havada 500, qapalı məkanda 100 nəfərdən çox insanın iştirakı ilə tədbirlərin keçirilməsi qadağan edilib. Bunu ölkənin Səhiyyə naziri Rudolf Anşober deyib.
Bu qərar aprelin əvvəlinədək qüvvədə qalacaq.
Bundan başqa, tədris müəssisələrində dərslər müvəqqəti olaraq dayandırılıb. Bunun əvəzində distant dərslər keçiriləcək.
Qeyd edək ki, Avstriyada koronavirusa yoluxanların sayı son sutka ərzində 45 nəfər artıb və 157 nəfərə çatıb.
Moldovada koronavirus təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Bunu ölkənin Səhiyyə naziri Viorika Dumbrevyanu deyib.
O bildirib ki, mədəni, sosial, eləcə də idman tədbirləri ləğv edilib.
Bundan başqa, nazirin sözlərinə görə, Pasxa ərəfəsində dini mərasimlərin keçirilməsi məsələsi də kilsə nümayəndələri ilə müzakirə olunur.
Səhiyyə naziri əlavə edib ki, məktəblərdə dərslərin dayandırılması hələlik planlaşdırılmır.
Qeyd edək ki, bu günədək Moldovada bir yoluxma faktı qeydə alınıb, 10 nəfər isə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Türkiyə koronavirus təhlükəsi ilə əlaqədar İtaliyadakı vətəndaşlarını təxliyə edəcək. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə deyib.
Nazir bildirib ki, İtaliyadan qayıtmaq istəyən vətəndaşlar qısa zaman ərzində Türkiyəyə çatdırılacaq.
O əlavə edib ki, bugünədək Türkiyədə koronavirusa yoluxma faktı qeydə alınmayıb.