Məlum olduğu kimi, martın 8-də Bakıda qadın hüquqları ilə bağlı aksiya keçirilib. Özlərini feminist adlandıran bir qrup qadın şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzinin olduğu ərazidə belə bir yürüş keçirib. Yürüşdə iştirak edən qadınların səsləndirdiyi şüarlar ölkə ictimaiyyəti tərəfindən xoş qarşılanmır. Sosial şəbəkədə paylaşılan şüarların bəziləri birmənalı qarşılanmayıb.
Qeyd edək ki, martın 8-də əksər ölkədə qadınlar öz hüquqlarını qorumaq üçün müxtəlif formada aksiya keçirirlər. Ancaq həmin aksiyalarda “qadın qətlləri”, “qadına qarşı şiddət”, “erkən nikaha son” kimi şüarlar səslənir. Bir neçə gün öncə ölkəmizdə keçirilən aksiyada iştirakçıların əlində çoxlu sayda plakat var idi. Plakatlarda yazılan şüarların bəzilərində vulqar ifadələr yer almışdı. “Kimə istəsəm...” kimi şüarlar ölkə ictimaiyyəti tərəfindən mənfi qarşılanır.
“Martın 8-də keçirilən aksiyada səslənən rəzil şüarlar azadlıq və ləyaqətlə bir araya sığmır”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, martın 8-də keçirilən aksiyada səslənən rəzil şüarlar azadlıq və ləyaqətlə bir araya sığmır: “Bu tip şüarlar, ilk növbədə, qadın azadlığına, hürriyyətə və qadın ləyaqətinə ziddir. Ümumiyyətlə, insan ləyaqəti vahiddir. Bu cür təzahürlər, ümumilikdə, insan ləyaqətinə ziddir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, aksiya iştirakçıları qadın hüquqlarını qorumaq adı altında etik baxımdan düzgün olmayan şüarlar səsləndiriblər: “İştirakçıların səsləndirdiyi şüarlar gənclərin tərbiyəsini pozur. "Cinsi əlaqələrdə azadlıq!" şüarı isə, əslində, seksual azğınlığın, homoseksuallığın, lesbiyanlığın, biseksuallığın, transgenderliyin və sairin təbliğatı, bu anormal təmayülləri yaymaq, cəmiyyətin təməli olan ailə institutunu darmadağın etmək cəhdidir”.
Günel CƏLİLOVA