Azərbaycanda son 3 il ərzində uşağın olmaması səbəbindən nikahların pozulması halları artıb. Ədliyyə Nazirliyindən “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə uşaqları olmadığına görə pozulmuş nikahın sayı 724 olub.
2018-ci ildə Azərbaycanda uşaqların olmaması səbəbindən 785 nikahın, 2017-ci ildə isə 588 nikahın pozulması qeydə alınıb.
Ədliyyə Nazirliyi Azərbaycanda boşanmaların əsas səbəblərini də açıqlayıb. Bildirilib ki, 2019-cu ildə ölkədə 63 724 nikah, 17 301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb.
Nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələr səbəbindən pozulduğunu qeyd ediblər.
Daha çox boşanmalar isə xasiyyətlərinin uyğunsuzluğu səbəbindən baş verib.
2019-cu ildə 12 560 nəfər xasiyyətlərinin tutmamasına, 793 nəfər xəyanətə, 724 nəfər uşaqlarının olmamasına, 709 nəfər ailədaxili zorakılığa, 654 nəfər maddi duruma, 605 nəfər isə qısqanclığa, qalanları isə sərxoşluq və digər səbəblərə görə boşanıb.