28/01/2020 12:09
728 x 90

Narkotiklərin təsiri altında törədilmiş cinayətlərin sayında artım dinamikası hiss olunur...

Əliməmməd Nuriyev: “Bunlar əsasən işsiz-gücsüz gənclərdir və onlar narkotacirlərin pulunu ödəyə bilmədikləri üçün ağır cinayətlərə əl atırlar”

img

Son bir ildə narkotik istifadəçilərinin törətdikləri cinayətlərin sayının artması ciddi narahatlıq doğurmaqdadır. Məlumatlara görə, Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır. Rəsmi məlumata görə, 2005-ci ildə Azərbaycanda narkomanlar tərəfindən 182 cinayət törədilib. Sonrakı illərdə cinayət törədən narkomanların sayında getdikcə artma müşahidə edilib. 2010-cu ildə narkomanlar tərəfindən 465, 2015-ci ildə 546, 2016-cı ildə 382, 2017-ci ildə 554, 2018-ci ildə 791 cinayət törədilib.

Məlumatlara görə, 2018-ci ildə Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı 31 432 nəfər olub. 2018-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 1995 nəfər təşkil edib. Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaşarası insanlar üstünlük təşkil edirlər.

  • “...narkotacirlərə qarşı daha ağır cəzalar tətbiq edilməlidir”

Narkomanların törətdiyi cinayətlərin sayının ildən-ilə artmasının səbəblərini şərh edən tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, narkomanları cinayətə vadar edən səbəblər müxtəlifdir. O qeyd etdi ki, narkomanların cinayətlərə al atmasının, cinayət törətməsinin səbəbkarlarından biri narkotacirlərdir. “Təəssüf ki, cənub istiqamətindən Azərbaycana böyük axında narkotik vasitələr gətirilir. Söhbət İran-Azərbaycan sərhədindən gedir. Əfqanıstan, Pakistan, İran kimi ölkələrdən güclü axın var. Əlaqədar qurumlar buna qarşı çox ciddi mübarizə aparırlar. Deyim ki, bu hala qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil. Burada, eyni zamanda, vətəndaşlarımız da məsuliyyətli olmalı, onlar bu kimi əməllərə qurşanmamalıdırlar. Sərhəd təbii ki, qorunur, amma bir sıra hallarda narkotik vasitələri sərhəd xətlərinin üzərindən tullayırlar. Bunu da sona qədər izləmək çox çətindir. Bilirsiniz ki, həmçinin, Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğalda saxlanır. İşğal altında olan Azərbaycan torpaqlarında daha çox narkotik əkilib becərilir, məqsəd də separatçı rejimi qidalandırmaqdır. Bu da böyük problemdir.

Hesab edirəm ki, bu sahədə mövcud olan halların qarşısının alınması üçün maarifçilik işlərinin həyata keçirilməsi vacibdir. Həmçinin, fikrimcə, narkomanların törətdikləri cinayətlərlə bağlı cəzaları sərtləşdirmək lazımdır. Eyni zamanda, narkomanların müalicəsi, reablitasiyası çox vacib bir məsələdir. Kim ki, narkotik vasitələrdən asılıdır, onlara sağlamlığında problem olan şəxs kimi yanaşmaq lazımdır. Narkomanları daha ağır cinayətlərə vadar edən amillərdən biri narkotacirlərdir, bu səbəbdən hesab edirəm ki, narkotacirlərə qarşı daha ağır cəzalar tətbiq edilməlidir. Onlar daha uzunmüddətli həbs cəzası verilməlidir”.

Ə.Nuriyevin sözlərinə görə, gənclərin pis vərdişlərdən uzaq durması üçün onların asudə vaxtının səmərəli təşkil edilməsi çox vacibdir. Onun qeyd etdiyinə görə, məktəblər, icra hakimiyyətləri, idman idarələri çalışmalıdırlar ki, yerlərdə idman mərkəzlərinin, idman meydançalarının sayı artsın, ora daha çox uşaq, gənc cəlb edilsin. İdmanın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ilə bağlı ciddi dövlət proqramlarının qəbul edilməsinə zərurət olduğunu deyən Ə.Nuriyevin sözlərinə görə, kitabxana şəbəkəsinin genişləndirilməsi, gənclər evlərinin inşası da gənclərin vaxtını səmərəli keçirməsinə yardım edir. “Bilirsiniz ki, narkotikdən istifadə edənlər əsasən gənclərdir. Cinayət törədən narkomanlar arasında da gənclərin sayı üstündür. Bunlar əsasən işsiz-gücsüz gənclərdir və onlar narkotacirlərin pulunu ödəyə bilmədikləri üçün ağır cinayətlərə əl atırlar. Bu həm də böyük sosial bəladır. Düzdür, varlı ailələrdən də narkomanlar çıxır. Sirr deyil ki, çox adam narkotacirliyə varlanmaq mənbəyi kimi yanaşır. Elə narkomanların özləri də bəzi hallarda pul qazanmaq üçün cinayət törədirlər”.

Ə.Nuriyevin sözlərinə görə, bəzi kişilər öz həyat yoldaşlarını da narkocinayətlərə vadar edirlər. Onun qeyd etdiyinə görə, narkoman və narkotacirlər qadınlarından narkokuryer kimi istifadə etməklə onları da bu cinayətlərə şərik edirlər.

Ekspertin sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün böyük maarifçilik tədbirləri keçirilməli, məktəblərdə, müəssisələrdə narkomaniya əleyhinə roliklər nümayiş olunmalıdır.

İradə SARIYEVA 

Son xəbərlər