10-200 manatlıq əskinaslarla bağlı terminallarda yaranmış problem…

Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılan 10 və 200 manatlıq əskinasların bir çox terminalda qəbul edilməsində hələ də problemlər yaranır. Şəhərin müxtəlif ərazilərində quraşdırılan ödəmə terminalları yeni dövriyyəyə buraxılan əskinasları qəbul etmirlər. Son günlər sosial şəbəkə istifadəçiləri tez-tez bu halla rastlaşdıqlarını qeyd edirlər. Doğrudan da şəhərin istənilən ərazisində quraşdırılan terminalların qarşısında uzun-uzadı növbə müşahidə olunur.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən, yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.
Azərbaycan Mərkəzi Bankından “Bakı-Xəbər”ə verilən məlumata görə, ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqları müxtəlif kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsusdur və bu avadanlıqlara onlar tərəfindən xidmət olunduğundan, adaptasiya prosesləri həmin təşkilatlar tərəfindən həyata keçirilir: "Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq nağd pul avadanlıqlarının 200 manatlıq və yenilənmiş 10 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı ölkə ərazisində fəaliyyət göstərən bütün kredit təşkilatlarına, poçt rabitəsinin milli operatoruna, eləcə də qeyri-bank ödəniş təşkilatlarına rəsmi tapşırıqlar verilib. Eləcə də nağd ödəniş avadanlıqlarında milli pul nişanlarının qəbulu, onların 200 və yeni 10 manatlıq pul nişanlarına adaptasiyası barədə ictimaiyyət məlumatlandırılıb”.
- Natiq Cəfərli: “Ödəmə terminallarının proqramında yenilənmə aparılmadığı üçün, aparatlar yeni dövriyyəyə buraxılan pul əskinaslarını qəbul etmirlər”
İqtisadçı-ekspert Natiq Cəfərli bizimlə söhbətində qeyd etdi ki, ödəmə terminallarının proqramında yenilənmə olmalı idi: “Terminallar yeni pul əskinaslarını tanımırlar. Bu səbəbdən də terminallarla məşğul olan şirkətlər proqram təminatının yenilənməsi ilə bağlı iş görməli idilər. Terminallarda yenilənmə aparılmadığı üçün, onlar yeni dövriyyəyə buraxılan pul vahidini qəbul etmirlər. Bu səbəbdən də son günlər ödəmə terminallarının qarşısında uzun-uzadı növbələr yaranır. Proqram təminatının yenilənməsi çətin proses deyil. Sadəcə, öncədən bu qərar verilməyib deyə, bunun əziyyətini sadə vətəndaşlar çəkir”.
Günel CƏLİLOVA