Əmlak sığortası ilə bağlı vətəndaşlar hədələyici anonim bildirişlər alır…

"Əmlak sığortası könüllü olmalıdır, sadəcə əhalini buna təşviq etmək lazımdır ki, öz istəyi ilə əmlakını sığortalasın”
2020-ci ildən etibarən yaşayış evlərinin, daşınmaz əmlakın icbari sığortası tətbiq olunacaq. Artıq bəzi şəxslər bu vəziyyətdən istifadə edib əlavə gəlir əldə etmək istəyir. Vətəndaşlara anonim bildirişlər göndərilir ki, mənzilini sığorta etdirməsə hər ay müəyyən məbləğdə cərimə olunacaq. Hüquqşünas Sahib Məmmədov bildirdi ki, hazırda evlərə anonim şəxslər tərəfindən bildirişlər paylanır:“Hər kəs yanvar ayından başlayaraq öz mənzilini sığorta etdirməsə, hər 20 gündən bir 30 manat cərimə olunacaq. Bu maddə İnzibati Xətalar Məcəlləsində var idi. Amma yalnız əmlak üzərində hüquqları həyata keçirərkən insanlar məcbur olub daşınmaz əmlaklarını sığorta etdirirdilər. Cərimə də tətbiq edilmirdi”. Onun sözlərinə görə, indi 20 gündən bir cərimə yenilənməsi o deməkdir ki, 50 manat verib əmlakını sığorta etməsə, daşınmaz əmlakı olan şəxs bir ildə 547 manat 50 qəpik cərimə olunacaq: “Əlbəttə, daşınmaz əmlakı sığorta etmək yaxşıdır. Çünki indi dövlət məcbur olur ki, sığortaçı qismində çıxış etsin. Əmlakı bu və ya digər səbəblərdən sıradan çıxan istənilən şəxs dövlətdən umur ki, kompensasiya ödənilsin. Amma dünyada sığortanın qızıl qaydası var. Yalnız 3-cü şəxslər qarşısındakı məsuliyyətin sığortası icbari ola bilər. Əmlakın icbari sığortası mülkiyyət hüququnu pozur. Bu səbəbdən sığorta prinsipləri nəzərə alınmalıdır. Əmlak sığortası könüllü olmalıdır, sadəcə əhalini buna təşviq etmək lazımdır ki, öz istəyi ilə əmlakını sığortalasın. Xüsusi kateqoriyalı insanları isə, hətta dövlətin özü büdcə vəsaiti ilə sığorta edə bilər”.
S.Məmmədov onu da vurğuladı ki, ucdantutma cərimələrin tətbiqi yüzminlərlə insanı borc asılılığına sala bilər: “Xarici ölkəyə getmək istəyənlərə stop qoyula bilər. Bu addım sosial gərginlik yarada bilər”.
Günel CƏLİLOVA