Bakının sərnişin avtobuslarında oğurlanmış çəkic problemi...

“Vaxtilə sürücülər bu vəsaitləri ehtiyat hissə kimi sökərək şirkətlərə satıblar deyə, indi bu avadanlıqları təmin etmək onlar üçün çox çətindir”
Bakı şəhərində fəaliyyət göstərən avtobuslara dair tələblər müəyyənləşib. Bu barədə müvafiq əmri Nazirlər Kabineti imzalayıb. Əmrə əsasən, paytaxt ərazisində fəaliyyət göstərən avtobuslarda yanğınsöndürən balon və dərman qutusu, qəza çıxışı çəkici olmalıdır. Ancaq daşıyıcı nəqliyyat vasitələrinin əksəriyətində, xüsusilə də köhnə avtobuslarda tələb olunan avadanlıqlar yoxdur. Xüsusilə də qəza çıxışı çəkicləri avtobuslarda yoxdur. İddia olunur ki, avtobuslardan qəza çıxışı çəkiclərini sürücülər götürür.
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, qəza çıxışı çəkicləri, yanğınsöndürən balon və dərman qutusu avtobuslarda yerində olmayan avadanlıqlardandır. Onları daşıyıcı şirkət, sürücü təmin etməlidir: “Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobuslarda qəza anında insanların köməyinə çatacaq vəsaitlər yoxdur. Nazirlər Kabinetinin yeni qərarına əsasən, avtobuslarda iki litrlik yanğınsöndürən balon, qəza çıxışı çəkicləri yerində olmalıdır. Çünki bunlar hadisə anında insanların köməyinə çatacaq vasitələrdir. Ona görə də avtobuslar bu vəsaitlərlə təmin olunmalıdır. Ancaq indi elə bir dövrdəyik ki, avtobusların heç istismar qaydaları norma çərçivəsində deyil, qalmışdı ki, çəkic, dərman və ya başqa tələblər olsun. Vaxtilə sürücülər bu vəsaitləri ehtiyat hissə kimi sökərək şirkətlərə satıblar deyə, indi bu avadanlıqları təmin etmək onlar üçün çox çətindir. Düşünürəm ki, avtobus parkı yeniləndikdə yeni gətirilən avtobusların üzərində bu avadanlıqlar yerində olacaq və zaman keçdikcə daşıyıcı şirkətlər də onların daim yerində olmasını təmin edəcək. Hazırda bu sahədə ciddi problem var. Əksəriyyətində lazım olan vəsaitlər, qurğular, cihazlar yoxdur. Ancaq anlamaq lazımdır ki, bu avadanlıqlar elə bir anda insanların yardımına gələ bilər ki... Ona görə də avtobuslarda bu vəsaitləri mümkün qədər təmin etmək lazımdır".
Günel CƏLİLOVA