30/01/2020 01:36
728 x 90

“Smart city” layihəsi nə deməkdir…

Natiq Cəfərli: “…insanların dövlət orqanları ilə birbaşa təması olmadan onlayn qaydada problemlərinin həll olunması daxildir”

img

İldən-ilə yeni innovasiyaları hərəkətə gətirmək üçün imkan yaradılır və bu innovasiyalar da tətbiq ediləcək. Bu gün mənə məruzə edilən məsələlərdən biri "Smart city" layihəsidir. Biz mütləq buna keçməliyik. Artıq müvafiq göstərişlər verildi ki, Bakı şəhərində "Smart city" sisteminin tətbiqi üçün əməli addımlar atılsın. O cümlədən, digər şəhər və rayonlarımızda da bu istiqamətdə işlər görüləcək".

Bunu Prezident İlham Əliyev Şamaxıda "Asan Həyat" kompleksinin açılışı zamanı kompleksin əməkdaşları ilə görüşündə deyib.

Qeyd edək ki, Bakı şəhərində "Smart city" sisteminin tətbiqi üçün müəyyən işlərin görülməsi üçün lazımi göstərişlər verilib.

Maraqlıdır, "Smart city" layihəsi nə deməkdir və bunun ölkəmizə nə kimi əhəmiyyəti olacaq?

  • “Bakı və digər şəhərlərdə "Smart city” layihəsinin tətbiqi üçün həm infrastruktur daha mükəmməl şəkildə qurulmalı, həm də qurumlararası əlaqə daha keyfiyyətli şəkildə təşkil olunmalıdır”

İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, "Smart city” layihəsi dünyanın bir çox şəhərində sınaqdan keçirilib: “Ən uğurlu modelləri Sinqapur, Seul, Yaponiyanın bir sıra şəhərlərində sınaqdan keçirilib. Bu o deməkdir ki, bütün şəhərin kommunikasiyası bir mərkəzdən idarə olunacaq,  əlçatanlıq artırılır, eyni zamanda, şəhərdə yaşayan insanların nəqliyyat və kommunal problemlərinə qədər onlayn qaydada müraciət olunacaq və onlara sürətli şəkildə baxılıb lazımi tədbirlər görüləcək. "Smart city” layihəsinə kommunal xidmətlər, nəqliyyat infrastrukturu, insanların dövlət orqanları ilə birbaşa təması olmadan onlayn qaydada problemlərinin həll olunması daxildir. Bu layihə dünyanın bir çox ölkəsində sınaqdan çıxıb, kifayət qədər də effekt verib. Məlumat üçün bildirim ki, postsovet məkanında ən yüksək göstəriciyə Estoniya nail olub. Bu səbəbdən də qeyd olunan layihənin ölkəmizdə tətbiq olunması vacibdir. Bakı və digər şəhərlərdə "Smart city” layihəsinin tətbiqi üçün həm infrastruktur daha mükəmmək şəkildə qurulmalı, həm də qurumlararası əlaqənin daha keyfiyyətli şəkildə təşkil olunması üçün addımlar atılmalıdır. Nəzərə almaq lazımdır ki, ölkəmizdə dövlət qurumları arasındakı əlaqənin zəifliyi ən böyük problemlərdən biridir. Birgə fəaliyyət sahəsində müəyyən problemlər var. Əlaqənin zəif olması “Smart city” layihəsinin həyata keçirilməsində müəyyən problemlər yarada bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər