12/12/2019 09:17
728 x 90

Kişi müəllimlərin azalmasından sonra kişi həkimlərin də say azalması başlayıb…

img

Açıqlanan statistik rəqəmlərə əsasən, kişi həkimlərin sayı azalıb. Belə ki, 2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib. Ümumiyyətlə, son 8 ildə Azərbaycanda qadın həkimlərin sayı artıb, kişi həkimlərin sayı isə azalıb.

Qeyd edək ki, müəllimlik ixtisasında da qadınların sayı üstünlük təşkil edir. Pedaqoq kişilərin sayı qadınlara nisbətən azalıb. Tibb sahəsində analoji halın qeydə alınması sual doğurur.

  • Rasif Bağırov: “Kişi həkimlərin sayı azalmır, sadəcə, qadın həkimlərin sayı artır ki, bu da maraq və həvəslə bağlıdır”

Kişi təbiblərin sayının nə səbəbdən azaldığını öyrənmək üçün mütəxəssislərə müraciət etdik. Həkim-ekspert Rasif Bağırov qeyd etdi ki, kişi həkimlərin sayı qadınlara nisbətən hər zaman az olub: “Tibb Universitetində təhsil alanların əksəriyyəti xanımlardır. Bunun da səbəbi qızların tibb sahəsinə daha çox maraq göstərməsidir. Yəni kişi həkimlərin sayı azalmır, sadəcə, qadın həkimlərin sayı artır ki, bu da maraq və həvəslə bağlıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, tibb sahəsinin elə ixtisasları var ki, orada kişilər üstünlük təşkil edir, bəzi istiqamətlərdə isə xanımlar: “Tibb bacısı, qadın həkimi, pediatr sahələrində çalışmağa qadınlar maraq göstərirlər. Nevropatoloq, travmatoloq və digər sahələrdə isə kişi təbiblər çalışmağa üstünlük verirlər. Onu da deyim ki, ginekologiya sahəsinə xanımlarla yanaşı, bəylər də maraq göstərirlər”.

Ekspertin fikrincə, kişi təbiblərin sayının az olması həm də ailələrin qız övladlarını gələcəkdə həkimlik peşəsinə yönləndirməsi ilə bağlıdır: “Əksər ailə qızlarının həkim, oğlanlarının isə hüquqşünas, iqtisadçı olmasını istəyir. Bu düşüncə qızların tibbə maraq göstərməsinə səbəb olur”.

Günel CƏLİLOVA

Son xəbərlər